Bu gün Azərbaycan dünyaya ciddi media nümunələri sərgiləyir.

Trend-in məlumatına görə, bunu bazar ertəsi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Milli Mətbuatın 138-ci ildönümü ilə əlaqədar keçirdiyi jurnalistlərin fərdi yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Ə.Həsənov bildirib ki, Azərbaycan mediasında bu gün ciddi inkişaf müşahidə olunur: "Bu gün dünyanın müxtəlif ölkələrinin mediası ilə rəqabət apara bilən Azərbaycan mediası artıq formalaşıb. Bölgənin ən qabaqcıl media nümunələri məhz Azərbaycanda formalaşır. Azərbaycanda medianın bütün növlərini istifadə edərək media inkişaf edir və dünyaya ciddi media nümunələri sərgiləyir".

Onun sözlərinə görə, bu gün də dövlətin media siyasəti və mediaya münasibəti heç bir fərq qoymadan davam etdirilir, Azərbaycanda azad sözə, siyasi plüralizmə xidmət edərək bütün mediaya eyni münasibət sərgilənir:
"Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan mediasının üzvləri ilə görüşündə mediamızın vəzifələri, Azərbaycan jurnalistikası, onu fərqləndirən xarakterik xüsusiyyətlər, dövlət və jurnalistika, jurnalistika və peşəkarlıq, jurnalistika və vətənpərvərlik, jurnalistika və cəmiyyətin informasiya təminatı kimi çox aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. Düşünürəm ki, cənab Prezidentin geniş çıxışı, tövsiyələri 138 illiyini qeyd edən media bayramında Azərbaycan mətbuatının gələcək fəaliyyəti ilə bağlı müəyyən istiqamətlər verdi".
Həsənov qeyd edib ki, bu gün, həmçinin Azərbaycan jurnalistikasının 156 nümayəndəsi Prezidentin fərmanı ilə tikilən evdən mənzil aldılar: "Onları təbrik edirəm, bu evlərdə onlara xöşbəxtlik, yaradıcılıq uğurları arzulayıram".

PA rəsmisi vurğulayıb ki, 1998-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycan mediası üzərindən bütün dövlət tənzimləyici mexanizmləri və senzura götürüldü: "Ümummilli liderimiz Azərbaycan müstəqil mediasında azad sözün, siyasi plüralizmin dairəsini genişləndirdi, media tarixinə öz adını qızıl hərflərlə yazdırdı. 2008-ci ildə Prezident İlham Əliyev Azərbaycan mediasına dövlət dəstəyi konsepsiyası təşəbbüsü ilə çıxış etdi, konsepsiyanı qəbul etdi, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunu yaradaraq mediaya dəstəyini şəffaflaşdırdı, mediaya göstərilən yardımı aşkarladı və tam bərabər şəkildə bunun təməlini qoydu".

Qaynar.info