Şərif Ağayar

Gəlin açıq danışaq...



Nelson Mandela da öldü.

Dahi adam idi.

Açıq danışaq gəlin.

İnsanın böyük olmasını gərək bir az da tale istəsin. Hətta, fatalistlik olmasın, böyüklüyü elə bütün hallarda tale ilə bağlayıram. Tarixə pərçimlənməklə deyil. Böyük adamlar tarixə şıppıltıyla düşürlər. Təntənəylə tuturlar öz uca yerlərini. Bu yerlərin yaxşılıqlar və gözəlliklərlə bağlı olması da hər adamın kitabına yazılmır. Çəkdiyi bütün əzab-əziyyətə rəğmən Mandela bu barədə xoşbəxt adam idi. Tale onun adını insanlıq, azadlıq və humanizm kimi qiymətli məfhumların yanına yazmağa xəsislik etmədi.

Vəziyyət belədir demək: tarix insana yaxşılıqlarla həmdəm olmaq fürsəti verməli, insan bu imtahandan şərəflə çıxmalıdır. Əgər belə deyilsə, o, heç vaxt qalib sayıla bilməz.

Yadıma nə düşdü.

Teymurləng İranı tutanda Firdofsinin qəbrinin üstünə gəlir. Qılıncını onun torpağına sancıb qışqırır:

“Qalx, ey böyük şair, lağ elədiyin türk mənəm, gəlmişəm!”

Qəbirdən səs çıxmır təbii ki...

Teymur bu möhtəşəm sükutdan ürpənərək bir də qışqırmalı olur:

“Mən dünyanı sənin kimi fəth elədim!”

Yanılırdı qoca fateh!

Teymurilər sülaləsindən əsər-əlamət qalmadığı halda Firdovsinin bir cümləsi, bir sözü belə unudulmayıb.

Dünyanı Firdovsi kimi əbədi fəth eləməyin yollarını bilə bilməzdi Teymur. Çünki bu, zorla, silahla, güclə, var-dövlətlə başa gələn iş deyil.

Əkrəm Əylisliyə məlum təzyiqlər olanda rus yazıçısı Akunun möhtəşəm bir açıqlama vermişdi: “Nə əcəb Azərbaycanda başa düşmürlər ki, yazıçıya qalib gəlmək olmur. Onu cismən məhv etsələr belə...”  

Nəsimi onu soyanlar, Lorka onu güllələyənlər, Müşfiq onun boğazına daş bağlayıb dənizə atanlar üzərində əbədi qələbə çaldı.

Eləcə də Əkrəm Əylisli onu daş-qalaq edənlər, Rafiq Tağı onu bıçaqlayanlar, Murad Köhnəqala onu cəlayi-vətən salanlar üzərində...

Çünki bu tale işidir.

Çünki Tanrı belə istəyir.

Əbədiyyətin yolu budur.

***

Əvət, Nelson Mandela da öldü.

Dahi adam idi!

Gəlin, açıq danışaq...

qafqazinfo.az