ADP sədri: "Bu, siyasi sifarişdir"

Bu gün həbsdə olan tanınmış vəkil Qurban Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə vəkilə hökm oxunub. Hökmə əsasən, Q.Məmmədov 3 il müddətinə azadlıqdan məhrum edilib.
 
Azərbyacan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Q.Məmmədovun həbsinə münasibət bildirib.

O, Qaynar.info-ya açıqlamasında bildirib ki, bu, siyasi sifarişdir: "Burada heç bir ədalətdən söhbət gedə bilməz. Məhkəmə siyasi sifarişi yerinə yetirdi. Ona görə də ədalətdən danışmaq yersizdir. Qurban Məmmədov hüquqlarını kifayət qədər yaxşı bilir. Düşünürəm ki, sona kimi öz hüquqlarını qorumaq üçün lazım olan hər vasitədən istifadə edəcək".

Xatırladaq ki, Q.Məmmədov barəsində Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
 
Sonradan istintaq orqanı tərəfindən Q.Məmmədova Cinayət Məcəlləsinin 299.1-ci (zərərçəkmişi pulla ələ alma) maddəsi ilə əlavə ittiham da elan olunub.

Elkin Xəlilov
Qaynar.info