“Yaxşı oyun alındı. İlk qarşılaşmadan sonra rəqibi daha yaxşı təhlil etmişdik”. Apasport.az saytının xəbərinə görə, bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam təmsilçisinin çalışdırıcısı Avropa Liqasının III təsnifat mərhələsinin “Gefle” ilə cavab matçından sonra fikirlərini açıqlayıb.

“Oyun düşündüyümüz kimi alındı. Maksimum qol buraxmamağa çalışdıq. Futbolçular oyun nizamını pozmadılar. Layiqli qələbə qazandıq. Rəqibin “Anartois”ə 4 qol vurması bizi daha diqqətli olmağa məcbur edirdi. İlk yarıda vurduğumuz qol işimizə yaradı. Rəqib komandaya uğurlar arzulayıram” - deyə, Qurbanov bildirib.

Son dəqiqələrdə Murad Səttarlının meydana buraxılmasına toxunan Qurbanov belə deyib: “Çumbinyo yorulmuşdu. Həm buna görə, həm də Murada təcrübə qazanmaq üçün meydana buraxdım. Meydançanın vəziyyətinə gəlincə, belə meydançalar bizdə də var. Deməzdim ki, qazonun vəziyyəti oyunumuza təsir etdi. Pley-offdakı rəqibə gəlincə, gözləyək. Qismətimizə hansı rəqib çıxsa da, ən azından yaxşı oyun sərgiləməyə çalışacağıq”

Xatırladaq ki, “Qarabağ” “Gelfe” ilə hər iki oyunda Bakıda 1:0, İsveçdə 2:0 hesabı ilə qələbə qazanıb.

Qaynar.info