Məzuniyyətə gedən direktorun yerinə başqasının təyin edilməsi valideyn və şagirdləri hiddətləndirib

Qaynar.info ANS TV-yə istinadla xəbər verir ki, Nərimanov rayonu 177 saylı orta məktəbin müəlim şagird və valideyn heyətinin etirazının səbəbi 60 saylı orta məktəbin direktoru Həqiqət Qarayevanın həmin məktəbdə müvəqqəti direktor vəzifəsini icra etməsi olub.

Məktəbin sabiq direktoru Həqiqət Məmmədova isə müəyyən müddət ərzində məzuniyyətə gedib, elə bu da şagird və müəllimlər üçün gözlənilməz olub. Məhz bu səbəbdən məktəbə müvəqqəti təyin olunan direktor Həqiqət Qarayeva elə vəzifəsinin icrasının ilk günündə 177 saylı məktəbin şagird və müəllimləri, hətda valideynlər tərəfindən etirazla qarşılanıb. Get-gedə narazı kütlənin artması səbəbindən isə yeni direktor Həqiqət Qarayeva məktəbi tərk etməli olub.

Narazı kütlənin istəyi isə heç olmasa məzuniyyət bitənə kimi direktoru elə bu təhsil mərkəzinin direktor müavinlərinin əvəz etməsi idi.

Direktor müavinləri də məktəbdə baş verən aksiyanının səbəbini müvəqqəti təyin olunan direktorun məhz kollektivdən seçilməməsi ilə əlaqədar olduğunu dedilər. Direktor müavinlərinin sözlərinə görə, məzuniyyətə gedən direktor Həqiqət Məmmədova qısa zamanda yenidən öz vəzifəsinə qayıdacaq.

Baş verən aksiya ilə əlaqədar Bakı Şəhər Təhsil İdarəsinin əməkdaşları da həmin məktəbə gəliblər. İdarəçinin aparıcı məsləhətçisi Xəyyam Fərəcov bildirdi ki, 177 saylı orta məktəbin direktoru Həqiqət Məmmədova bu il 4 dekabr tarixindən öz istəyilə məzuniyyətə çıxıb və 23 dekabr 2013-cü il tarixində geri qayıdaraq öz vəzifəsini icra edəcək.

Qaynar.info