Azərbaycanda “Demokratik Qüvvələrin Birliyi” adlı siyasi ittifaq təsis edilib.

Bu barədə APA-ya AMİP sədri Yusif Bağırzadə məlumat verib.

Bununla bağlı qərar AMİP qərargahında Açıq Cəmiyyət Partiyası (ACP), Böyük Azərbaycan Partiyası (BAP) , İslam Demokrat Partiyası (İDP), Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) , Azərbaycan Liberal Partiyası (ALP) , Xalq Azadlıq Partiyası  (XAP) və AMİP rəhbərlərinin iştirakı ilə keçirilən toplantıda verilib. 

Y. Bağırzadə bildirib ki, birlik Azərbaycanda demokratik seçki mühitinin yaradılmasına və ölkədə demokratik siyasi sistemə seçki yolu ilə dinc keçidə nail olmaq uğrunda mübarizə aparan, siyasi partiyaları birləşdirən qurumdur.

Yeni birliyin yaradılması ilə Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) fəaliyyətinə xitam verilib: “Biz Demokratik Qüvvələrin Məşvərət Məclisini təsis edəndə də demişdik ki, bu qurum bir məşvərətçi orqandır. Əgər bu quruma daxil olan partiyaların əməkdaşlığı inteqrasiya şəklində olsa, daha da dərinləşsə, əməkdaşlıqdan böyük bir ittifaqa tərəfdaşlığa çevrilə bilər. Məşvərət Məclisindən fərqli olaraq, burada qəbul olunan qərarlar icbari xarakter daşıyır, qərarlar isə konsensus yolu ilə qəbul olunur. Bu birlik ancaq siyasi partiyaların birliyidir”.

Y. Bağırzadə qeyd edib ki, birliyin əsas fəaliyyət istiqaməti ölkədə seçki qanunvericiliyinin təkmilləşdirilməsi, siyasi fəaliyyət, ifadə azadlığı və sərbəst toplaşmaq azadlıqlarının təmin olunmasına yönəlmiş təkliflər və layihələr hazırlayıb ictimai müzakirəyə çıxarmaq, onları aid olduğu dövlət orqanlarına təqdim etməkdən ibarətdir: “Eyni zamanda fəaliyyətimizə ölkədaxili və beynəlxalq problemlərin birgə müzakirəsini təşkil etmək, üzv olan siyasi partiyaların həmin problemlərin aradan qaldırılmasına dair ortaq mövqeyini formalaşdırmaq aiddir”.

Qaynar.info